Son xəbər : AŞPA-nın deputatların mandatı ilə bağlı qərarı təxirə salına bilər
23.12.05 14:53 (690 dəfə oxunub)
"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının taleyi müzakirəyə çıxarılacaq, ancaq məsələ ləğv edilmiş dairələrdə təkrar seçkiyəcən təxirə salına da bilər". Bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross "Azadlıq" radiosuna müsahibəsində bildirib ("Trend"). "Biz nümayəndə heyətinin mandatı ilə bağlı məsələyə yanvarda, yoxsa təkrar seçkidən sonraya saxlamaqla bağlı qərar verəcəyik" - deyən A.Qross bildirib ki, Azərbaycanla bağlı qətnamə qəbul etməyə ehtiyac yoxdur. A.Qrossa görə, Azərbaycan nümayəndə heyətinin mandatını təzələmək məsələsinə sessiyanın birinci günü - yanvarın 23-də baxılacaq, əgər rəy mənfi olsa, yaxud mandat şübhə altına alınsa, onlar sessiyanın keçirildiyi həftə ərzində məruzə hazırlayacaqlar.
Son xəbər : MSK-nın təkrar seçkilərlə bağlı iş planı müəyyənləşib
21.12.05 14:56 (414 dəfə oxunub)
10 seçki dairəsində keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) atacağı addımlar artıq müəyyən olunub. MSK-dan APA-ya daxil olan məlumata görə, prezidentin seçki ilə bağlı sərəncamı dərc olunduğu gündən vətəndaşlara namizədliyini irəli sürmək hüququ verilsə də, bu günə qədər bu hüquqdan istifadə edən olmayıb. MSK-nın məlumatına görə, namizədin müdafiəsi məqsədilə onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçici imzalarının toplanması üçün namizədin özünə və ya səlahiyyətli nümayəndəsinə, partiya və bloklara imza vərəqələrinin verilməsi səsverməyə ən azı 70 gün qalana kimi yekunlaşacaq. İmza vərəqəsinin verilməsinin son həddi mart ayının 3-də saat 18.00-da başa çatacaq. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması müddəti də həmin gün başa çatır. Deputatlığa namizədlərin qeydə alınıb-alınmamasına isə namizədin imza vərəqələrini geri qaytarmasından sonra 5 gün müddətində baxılıb müvafiq qərar qəbul edilməlidir. Ümumilikdə isə namizədlərin qeydə alınması ilə bağlı müəyyən olunan son müddət mart ayının 13-də başa çatır.
Son xəbər : Seçkilərlə bağlı daha üç cinayət işinin istintaqı yekunlaşıb
21.12.05 14:55 (378 dəfə oxunub)
Respublika Prokurorluğu seçkilərdə baş vermiş pozuntularla bağlı daha üç cinayət işinin istintaqını yekunlaşdırıb və baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Qeyd edək ki, indiyədək seçkilərlə bağlı Respublika Prokurorluğunda 16 cinayət işi başlanmışdı. Onlardan 9-nun istintaqı yekunlaşıb və materiallar məhkəməyə göndərilib. Yeddi cinayət işi üzrə isə araşdırmalar davam edir ("Olaylar").
Dünən Milli Məclisin (MM) növbəti iclası keçirilib və iclasda 3-cü çağırış parlamentə üzv seçilmiş millət vəkillərinə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən deputatlıq mandatları paylanılıb. 6 noyabr seçkilərinin Azərbaycan xalqının həyatında tarixi əhəmiyyət kəsb edən bir hadisə çevrildiyini deyən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər çox demokratik, şəffaf keçib: "Bu seçkiləri 2000-ə qədər yerli və beynəlxalq müşahidəçi, kütləvi informasiya vasitələrinin təmsilçiləri izləyib. Eyni zamanda, hesab edirəm ki, bütün seçki strukturları bu seçkilərin demokratik keçirilməsi üçün əlindən gələni edib. Seçkilər və ümumilikdə seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib".
Son xəbər : Təkrar seçkilərlə bağlı seçici siyahıları yenidən dəqiqləşdiriləcək
14.12.05 10:42 (401 dəfə oxunub)
Təkrar seçki keçiriləcək dairələrdə seçici siyahılarının dəqiqləşməsi prosesi yenidən aparılacaq. Bu barədə APA-ya məlumat verən Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev bildirib ki, istənilən halda ötən seçkidə istifadə olunan seçici siyahıları ilə təkrar seçkilərə getmək mümkün deyil. Buna görə də 10 dairənin ərazisində yaşayan seçicilərin siyahıları bir daha nəzərdən keçiriləcək. Siyahılara səsvermə yaşına çatmış şəxslərin adları əlavə olunacaq və həmçinin dünyadan köçmüş və yaşayış yerini dəyişmiş şəxslərin adları siyahılardan çıxarılacaq. Qanunvericiliyə uyğun olaraq, seçki gününə 65 gün qalmış siyahılar məntəqələrdən asılacaq və 35 gün qalana kimi siyahıların seçicilərin iştirakı ilə dəqiqləşdirilməsi prosesi davam edəcək. Amma bu işlərin nə zaman görüləcəyindən xəbərsiz olduğunu bildirən İ.Babayev deyib ki, fəaliyyətə yalnız MSK-nın təqvim planının təsdiq olunmasından sonra başlayacaqlar.
Son xəbər : AŞPA Monitorinq Komitəsi Azərbaycandakı seçkiləri müzakirə edəcək
14.12.05 10:41 (333 dəfə oxunub)
Dekabrın 15-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitoriq Komitəsinin (MK) iclası keçiriləcək. Avropa Şurasının Bakıdakı informasiya ofisindən APA-ya verilən məlumata görə, iclasın gündəliyi artıq dəqiqləşib. İclasın gündəliyinə Monitorinq Komitəsinin Gürcüstan üzrə həmməruzəçilərin hesabatı, bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı qətnamənin və hesabatın layihələrinin qəbulu, Ermənistan üzrə həmməruzəçilərin dekabrın 27-də bu ölkədə keçirilmiş Konstitusiya dəyişikliklərinə dair referendumun gedişi ilə bağlı hesabatı, Azərbaycan üzrə həmməruzəçilərin 1-3 dekabrda Azərbaycana səfərləri ilə bağlı hesabatları daxil edilib. İclasda həmçinin Monako, Sloveniya, Latviya, Ukrayna, Serbiya, Çernoqoriya ilə bağlı məsələlər də müzakirə olunacaq. Xatırladaq ki, AŞPA Monitorinq Komitəsində Azərbaycanı Səməd Seyidov, Asim Mollazadə və Bəxtiyar Əliyev təmsil edir. Monitorinq Komitəsinin gələn il keçiriləcək ilk iclası AŞPA sessiyası zamanı - 23-27 yanvarda baş tutacaq.
Son xəbər : "Azadlıq" bloku seçkilərlə bağlı yekun rəy hazırlayır
13.12.05 14:01 (352 dəfə oxunub)
"Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahı 6 noyabr parlament seçkiləri ilə bağlı yekun rəy hazırlayır. Bu haqda APA-ya məlumatı seçki qərargahının rəhbəri Pənah Hüseyn verib. Onun sözlərinə görə, rəydə "Azadlıq" blokunun seçkidə iştirakı, təbliğat kampaniyası, seçki günü və seçkidən sonrakı fəaliyyət öz əksini tapacaq. Seçki zamanı baş verən pozuntular, təzyiqlərə məruz qalan blok üzvləri, kütləvi aksiyalar və digər tədbirlər də hesabata salınacaq. Rəy blokda təmsil olunan partiyaların rəhbərliyinə təqdim olunacaq və onların təsdiqindən sonra sənəd beynəlxalq qurumlara da göndəriləcək. Pənah Hüseyn bundan sonra Mərkəzi Seçki Qərargahının öz fəaliyyətini dayandıracağını qeyd edib.
Bu həftənin sonuna kimi Müsavat Partiyasının Məclisinin toplantısı keçiriləcək. Toplantıda partiyanın parlament seçkilərində iştirakı müzakirə olunacaq. Bu haqda APA-ya məlumat verən partiya başqanının müavini Mehman Cavadoğlu bildirib ki, Məclisdə partiyanın qurultayının keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı və müəyyən qərarların qəbul olunacağı gözlənilir. Partiyanın təkrar seçkilərdə iştirak edib-etməməsinə gəlincə, M. Cavadoğlu bildirib ki, bu haqda hər hansı müzakirə aparmaqla bağlı fikir yoxdur. "Əgər, bu məsələ toplantının gündəliyinə salınacaqsa, o zaman müzakirə də aparılacaq". Müsavatın təkrar seçkilərlə bağlı AXCP və ADP-dən fərqli qərar qəbul etmə ehtimalına gəlincə, M.Cavadoğlu bildirib ki, istənilən qərarı qəbul etmək Məclisin səlahiyyətindədir. M.Cavadoğlu Məclisin toplantısında partiyanın seçki komissiyalarında iştirakı ilə bağlı müzakirələrin aparılmasını da istisna etməyib.
Son xəbər : Təkrar seçkilərdə namizədlərə pulsuz efir vaxtı verilməyəcək
13.12.05 13:59 (293 dəfə oxunub)
Təkrar parlament seçkilərində iştirak edəcək namizədlər pulsuz efir vaxtından istifadə edə bilməyəcəklər. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Vidadi Mahmudlu verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60-dan çox Seçki Dairəsində namizədi qeydə alınan siyasi partiyalar və seçki blokları ölkə ərazisinin 50 faizəndən çox yerdə yayımlanan telekanallarda pulsuz efir vaxtından istifadə etmək hüququ var: "Təkrar seçki cəmi on dairədə keçirilir. Buna görə də təkrar seçkilərdə pulsuz efir vaxtı olmayacaq. Qanunda təkrar seçkilərlə bağlı hər hansı istisna nəzərdə tutulmayıb. Amma bu məsələnin necə həll olunacağını indidən demək mümkün deyil".
Son xəbər : Müsavat Partiyası MSK-ya nümayəndə göndərəcək
13.12.05 13:59 (339 dəfə oxunub)
Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə göndərməməklə bağlı qərarında dəyişiklik edib. Partiya başqanının müavini Arif Hacılının APA-ya verdiyi açıqlamaya görə, Müsavat artıq nəinki MSK-da, digər seçki komissiyalarında da fəal təmsil olunmaq fikrindədir: "Biz ümumiyyətlə, istəyirik ki, seçki komissiyalarında daha çox yer əldə edək. Ona görə də seçki komissiyalarının tərkibində dəyişikliyin olmasına çalışırıq. Komissiyaların paritet əsaslarla formalaşması ilə bağlı bizim tələbimiz öz qüvvəsində qalır. Bunu nəinki biz, beynəlxalq qurumlar da tələb edirlər. Ona görə də hakimiyyət seçki komissiyalarının tərkibini tələsik formalaşdırmaqla yenə də komissiyaları öz nəzarəti altında saxlamağı düşünür". A.Hacılı bildirib ki, hazırda MSK-ya göndəriləcək nümayəndə ilə bağlı partiyada müzakirə aparılır. MSK formalaşan zaman müəyyənləşən nümayəndə təsdiq olunmaq üçün quruma göndəriləcək.
Система не могла записывать файлы в кеш. Пожалуйста, проверьте разрешения на кеширование папок XP-Weather /home/secki/public_html/modules/xp-weather/cache/block_russian.UBBB